(27 oktyabr 1988; Zəyəm, Şəmkir rayonu – 13 noyabr 2020; Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsinin şəhidi.
Arzu İsgəndərov 1988-ci il oktyabrın 27-də Şəmkir rayonunun Zəyəm qəsəbəsində anadan olub. 1994–2002-ci illərdə Zəyəm qəsəbə tam orta məktəbində, 2003–2006-cı illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2006–2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. Aylin və Arzum adlı iki qızı yadigar qaldı.
Arzu İsgəndərov 2010-cu ildə Təlim Tədris Mərkəzində təkmilləşdirmə kursu keçib. 2010–2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissəsində taqım komandiri, 2011–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissəsində bölmə rəisi, 2013–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissəsində bölmə rəisi, 2015–2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissəsində bölmə rəisi, 2015–2018-ci illərdə isə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində bölmə rəisi vəzifələri üzrə xidmət edib. 2020-ci ilin avqust ayından isə Bakı korpusuna AİS rəisi vəzifəsinə təyinat alıb.
Arzu İsgəndərov 2016-cı ilin 2–5 aprelində baş tutan döyüşlərin iştirakçısı olub.
Azərbaycan Ordusunun kapitanı olan Arzu İsgəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Arzu İsgəndərov noyabrın 13-də Xocavənd rayonu istiqamətində minaya düşməsi nəticəsində şəhid olub. Şəmkir rayonunda dəfn olunub.
“Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı | “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı | III dərəcəli “Qüsursuz xidmətə görə” medalı | “Vətən uğrunda” medalı (ölümündən sonra) |
26.06.2013 | 26.06.2018 | 26.06.2020 | 15.12.2020 |