Murad Xəlilov

Şəhid

Murad Xəlilov (25 yanvar 2003-cü il, Şəmkir rayonu, Çinarlı qəsəbəsi – 16 noyabr 2021-ci il Laçın rayonu) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 16 noyabr 2021-ci ildə Kəlbəcər rayonu istiqamətində qarşı tərəfin təxribatının qarşısı alarkən şəhid olmuşdur.

Murad Qalib oğlu Xəlilov 25 yanvar 2003-cü ildə Şəmkir rayonunun Çinarlı qəsəbəsində Qalib Xəlilov və Səlbi Tarverdiyevanın ailəsində anadan olmuşdur. Ailədə onun İlahə Ağayeva adlı 1 bacısı olmuşdur. 1 yaş 8 aylıq olan zaman anasını itirmişdir. 15 sentyabr 2009-cu ildə Natiq Süleymanov adına Şəmkir rayon 2 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 14 iyun 2020-ci ildə məktəbin 11-ci sinfindən məzun olmuşdur. Subay idi.

Murad Xəlilov 2 aprel 2021-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. O, 28 aprel tarixindən Laçın rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət edirdi.

Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində genişmiqyaslı təxribat törədib 2021-ci il noyabrın 16-sı qəfil hərbi əməliyyatlara başlamışdır. Ermənistan hərbçiləri bu istiqamətlərdə Azərbaycan Ordusunun mövqelərinə hücum etmişdir. Başlanan hərbi əməliyyatlarda iştirak edən əsgər Murad Xəlilov 16 noyabr 2021-ci ildə cəbhənin Laçın rayonu istiqamətində antiterror əməliyyatını yerinə yetirərkən şəhid olmuşdur. 18 noyabr 2021-ci ildə onun nəşi ailəsinə təhvil verilmiş[2] və doğulduğu Şəmkir rayonunun Çinarlı qəsəbəsində dəfn olunmuşdur.

2021-ci il noyabrın 16-da Kəlbəcər və Laçın rayonları ərazisindəki Azərbaycan–Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin təxribatlarının və hücumlarının qarşısının alınması, dövlət sərhədinin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə verilən döyüş tapşırığını uğurla yerinə yetirmiş, öz xidməti vəzifələrini və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən şücaət və fədakarlıq göstərmiş Murad Xəlilov Azərbaycan Prezidenti İlham Əliyevin 27.12.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

“Vətən uğrunda” medalı (ölümündən sonra)
27.12.2021