Arif Qubadov

Arif Qubadov

Azərbaycanın Milli Qəhərmanı.

Arif Qubadov 20 sentyabr 1966-cı ildə Cəlilabad rayonu Əliqasımlı kəndində anadan olmuşdur. 1983-cü ildə Əliqasımlı kənd orta məktəbini bitirmişdir.

1984-cü ildə hərbi xidmətə çağırılmışdır. Ermənistan Respublikasının torpalaqlarımıza hücum etməsi və işğalçılıq siyasəti onu da bir azərbaycanlı kimi narahat etmişdir.

1992-ci ildən Milli Ordu sıralarında Arif Qubadovun şərəfli döyüş yolu başlamışdır. Arif ata-baba yurdlarımızdan biri olan Naxçıvanın Sədərək bölgəsində döyüşə atılmışdır. Onun komandirlik etdiyi tağım erməniləri geri oturtmuş və onlarla erməni quldurunu məhv etməklə yanaşı, düşmənin çoxlu sayda zirehli texnikalasını da sıradan çıxarmışdır. 1993-cü ildə Arif Ağdam cəbhəsinə göndərilmişdir. Əfətli, Yusifcanlı kəndləri ermənilərdən onun rəhbərliyi ilə təmizlənmişdir. 1993-cü ilin avqustundan cəsur döyüşçünün sorağı Füzuli cəbhəsindən gəlmişdir. Əhmədbəyli, Aşağı Kürmahmudlu və Yuxarı Kürmahmudlu, Alxanlı kəndləri şəxsən Arifin komandirliyi ilə ermənilərdən azad edilmişdir. O, 1994-cü ildə Tərtər və Ağdərə rayonlarında da rəşadətlə döyüşmüşdür.

Arif Qubadov 1996-cı ildə Bakı Birləşmiş Komandirlər Məktəbini, 2003-cü ildə isə Azərbaycan Respublikası MTN Akademiyasının sərhəd qoşunları bölməsini bitirmişdir.

Ailəli idi, üç övladı var.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il 307 saylı fərmanı ilə Qubadov Arif Vəliş oğlu “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Azərbaycanın Milli Qəhrəmanı, ehtiyatda olan polkovnik-leytenant Arif Qubadov 43 yaşında Türkiyədə müalicə olunduğu Gülhanə Hərbi Tibb Akademiyasında 26 sentyabr 2009-cu ildə vəfat etmişdir.