Ceyhun Camalov

Ceyhun Camalov

Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı. Vətən Müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı.

Ceyhun Fikrəy oğlu Camalov 17 yanvar 1983-cü ildə Quba rayonunun Yenikənd kəndində anadan olub. 1999-cu ildə şəhid Mehman Ağayev adına Yenikənd kənd tam orta məktəbini bitirdikdən sonra Ali Hərbi Məktəbə daxil olub. Aprel döyüşlərində iştirak edib. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində iştirak etmiş Cəbrayıl, Füzuli, Hadrut və Şuşanın işğaldan azad edilməsi döyüşlərində xüsusi təyinatlı kimi iştirak etmişdir.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Ceyhun Camalova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmişdir.