Rövşən Sadıqzadə

Rövşən Sadıqov

(07 yanvar 1975-ci Ağdam rayonu, Quzanlı kəndi)

Sadıqzadə Rövşən İldırım oğlu 7 yanvar 1975-ci ildə Ağdam rayonunun Quzanlı kəndində (indi qəsəbə) anadan olub. Quzanlı kənd orta məktəbinini bitirdikdən sonra 1993-cü ildə həqiqi hərbi xidmətə yollanıb. Hərbi Xidmətini N saylı XTQ-də keçib.

Rövşən Sadıqzadə döyüş xatirələrini danışır:

Hərbi hissədə 2 aya yaxın təlim keçdikdən sonra 1993-cü il iyul ayının 23-də bizim hərbi hissəni Ağdam rayonuna döyüş bölgəsinə gətirirlər. Biz Ağdama gələndə ermənilər artıq şəhərin mərkəzini və rayonun bir çox kəndləri işğal etmişdilər. Biz Əfətli kəndinin girəcəyində döyüş mövqeyi tutduq. Gecə səhərə qədər postda hücum əmrini gözlədik. Səhərə qədər ermənilərin şəhərdə və kəndlərdəki yandırdıları evləri tüstüsü hər tərəfi bürümüşdü. Səhər açılanda bizim bölüyü kənddə olan bir fermanın yaxınlığındakı mövqeyə gətirdilər. Səhərə qədər səngər qazaraq mövqeyimizi möhkəmlətdik. Səhər açılanda ermənilərin hücumu başladı. Onların dağlardan necə endiklərini binokl ilə görmək olurdu. Bizdən dəfələrlə çox idilər. Güclü atışma başladı. Hətta atışma o dərəcədə idi ki, başımızı səngərdən qaldıra bilmirdik. Toplarımızdan və zirehli texnikalarımızda bizə dəstək gəldi və biz əks hücuma keçdik. Erməniləri Əfətli kəndindən çıxartmağa müvəffəq olduq. Əks hücum əməliyyatı bir neçə gün davam etdi və ardıcıl olaraq erməniləri geri otuzdurduq. Ağdamda döyüşdüyümüz müddətdə rayonun Əfətli, Yusifcanlı və Novruzlu kəndlərini və həmçinin Ergi deyilən ərazini düşmənlərdən azad etdik.

Ağdam cəbhəsində bütün istiqamətlərdə ermənilərin hücumu dəf edildi və geri otuzduruldu. Amma ermənilər bu dəfə Füzuli istiqamətində fəallaşmağa başladılar. Onlar rayonun demək olar ki 90%-ni işğal etmişdilər. Odur ki, 1993-cü il avqust ayının 23-də bizim hərbi hissəni Füzuliyə döyüş bölgəsinə gətirirlər. Füzuliyə gedərkən yol boyu qaçqınların öz döğma yer yurdlarından didərgin olaraq arxa zonaya getdiklərini gördük. Həttda bizi görənlər “Getməyin, yazıqsınız! Hamınızı öldürəcəklər” deyirdilər. Füzuliyə gələndə düşmən Əhmədbəyli kəndinin üstündəki təpələrdən əsas yolu atəş altında saxlayırdılar. Biz döyüş üçün mövqeyimizi seçdik və əks hücuma hazırlaşdıq. Səhər hava açılana yaxın əks hücuma keçdik. Bununla da düşməni Füzuli şəhərinin 8 km məsafəyə qədər qovalamağa müvəffəq olduq. Ermənilərdən 150-dən çox əsir və xeyli sayda texnika götürə bildik.

Bir dəfə erməni hərbi maşınının Horadiz istiqamətindən gəldiyini gördük. Onları atəş altında saxladıq və qaçmağa imkan vermədik. Mən güllə yağışı altında maşına tərəf getdim. Maşında iki nəfər idilər. Biri qaçıb gizlənə bilmişdi, amma ikinci maşının arxasında gizlənmişdi. Yan tərəfdən yavaşca maşının arxasına keçdim və erməniyə silahı işə salmağa imkan vermədən avtomatı təpəsinə endirdim və silahını əlindən aldım. Qarabağda yaşayan ermənilərdən idi. Ona görə də Azərbaycanca yaxşı danışırdı. Ayağıma düşüb yalvarmağa başladı. O hər dəfə Azərbaycanca danışanda hirslənirdim və avtomat ilə döyürdüm. Onu döyə-döyə bölüyə təhvil vermək üçün gətirdim.

23 dekabr 1993-cü il idi. Rayonun Alxanlı kəndi istiqamətində hücuma keçirdik. Mən komandirim Oktay Vəliyev və daha bir əsgər birlikdə kəşfiyyat etmək üçün düşmənin zirehli texnikaları olan bölgəyə yaxın getməli idik. Komandirimiz rabitə tağımından rabitə vasitəsini alıb mənə verdi. Üçümüz birlikdə ermənilərin içərisinə sızmağa müvəffəq olduq. 100 metr qalmış komandir mənə gözləməyi əmr etdi və digər əsgər ilə birlikdə daha da yaxınlaşdılar. Onlar həmin döyüşdə qumbara ilə düşmənin iki zirehli maşınını vurmuşdu. 3 cü dəfə isə səngərə yaxınlaşan erməni tankını vurmuşdular. Mən isə məlumatı həm komandirdən alır və arxada olan bölüyün əsgərlərinə göndərirdim. Lakin, döyüşdə tank mərmisinin onların yaxınlığına düşməsi nəticəsində komanirimiz ölümcül yaralanır digər əsgər isə şəhid olur. Mən rabitə vasitəsini çıxarıb sürünə-sürünə onların hər ikisini də bir-bir ordan çıxarda bildim. Komandirim başı dizimin üstündə gözlərini dünyaya əbədi yumdu və şəhidlik zirvəsinə ucaldı.  

Füzulidə olduğumuz müddətdə rayonun Əhmədbəyli, Yuxarı Alxanlı, Aşağı Alxanlı, Yuxarı Kürdmahmudlu, Aşağı Kürdmahmudlu, Qaraxənbəyli və Aşağı Seyidəhmədli kəndlərini düşməndən təmizlədik. Füzuli rayonunda bütün cəbhə böyu düşmənin müqaviməti qırıldı.

Ermənilər bu dəfə də Tərtər-Ağdərə istiqamətində fəllaşmağa başlamışdılar. Onlar Ağdərə istiqamətindən Tərtərin Qapanlı kəndi tərəfə hücuma keçməyə cəhd edirdilər. Odur ki, 1994-cü il aprel ayının 24-də hərbi hissəni Tərtərə döyüş bölgəsinə gətirdilər. Güclü yağış yağırdı. Yağış altında döyüş mövqeyi seçmək üçün əməliyyata başladıq və düşmənin çoxlu sayda canlı qüvvəsini və texnikasını sıradan çıxartmağa nail olduq.

Bir gün kənddə minaatan batareyasının bir bölüyünü yerləşdirdik. Hücum olacağı xəbərini almışdıq. Onlar Ağdərənin Seysulan kəndi istiqamətindən Tərtərin Qapanlı kəndinə doğru hücuma heçəcəkdilər. Odur ki, hücumun qarşısını almağa hazırlaşırdıq. May ayının 10-u idi. Səhər alaqaranlıq idi. Biz döyüş mövqeyində durmuşduq. Bu vaxt güclü döyüş başladı. Mərmilərin haradan gəldiyini müəyyən etmək qeyri mümkün idi. Çox intensiv atırdılar. Hücum başlamışdı. Bölükdəki əsgərlərin çoxu yeni gələnlər idi. Düşmənin haradan atdığını təqribi də olsa müəyyən etmək lazım idi. Əsgərlərin çoxunun yeni olduğunu və döyüş təcrübələrinin az olduğunu nəzərə alaraq özüm güllə yağışı altında ağacın hündür yerinə qədər dırmaşdım və təxmini haradan atıldığını müəyyən etdim. Minaatanları həmin istiqamətə tuşladıq və birinci mərmini atdıq. Bəzi xırda düzəlişdən sonra İkinci mərmini atdıq və düşmənin həmin istiqamətindəki atışı dayandı. Yəqin ki ya vurmuşduq ya da yerlərinin aşkarlandığını bilib yerdəyişmə etdilər. Bir neçə dəqiqədən sonra 50 metr aralıqda bir mərmi partladı və biz də yerdəyişmə etməyi qərara aldıq. Ancaq yerdəyişmə etməyə macal tapmamış ikinci mərmi çox yaxınlığımızda partladı. Gözümü açanda yerə yıxılı vəziyyətdə və üstümdə çoxlu torpaq olduğunu gördüm. Mərmi o qədər yaxında partlamışdı ki, sağ qaldığıma özüm də inanmadım.

Qəhrəman əsgərlərimizin, topçularımızın və tankçılarımızın sayəsində düşmənin Qapanlı kəndi istiqamətində hücumunun qarşısı alındı və onları geri çəkilməyə məcbur etdik. Düşmən nəyinki Qapanlı kəndinə girə bildi hətta gəldikləri Seysulan kəndindən də qaçmışdılar. Biz əks hücum zamanı ideal taktika quraraq erməniləri tələyə saldıq. Taktiki olaraq geriyə çəkilərək Qapanlı kənd məktəbində aypara şəklində mövqe qurduq. Ermənilər isə elə başa düşdülər ki, biz qaçırıq. Odur ki, bütün tankları ilə düzənliyə çıxaraq hücuma keçməyə başladılar. Ancaq əks hücum bu zaman başladı və həm minaatanlarla, həm tanklar və PDM-lərlər həm də xüsusi təyinatlılarımızla ermənilərə heç zaman unuda bilməyəcəkləri bir əməliyyatı başladıq. Təxminən 4 saat davam edən şiddətli döyüş zamanı düşmənin tank diviziyasını tamamilə sıradan çıxarda bildik. Düşmənin müqaviməti tamamilə qırıldı və sonunda düşmən sülh müqaviləsi bağlamağa məcbur qaldı.

1994-cü il oktyabr ayının 5-də Gəncədə qiyamçılara qarşı silahlı münaqişədə fəal iştirak etdik və qiyamın qarşısının alınmasında qəhrəmanlıq göstərdik. Bu zaman bizim tağımın 3 əsgəri qiyamçılar tərəfindən qətlə yetirilir və şəhid olurlar. Onlara ölümündən sonra Milli Qəhrəman adı verilir. Natiq Məmmədov, Aqil MusayevElnur Nuriyev.

1995-ci il mart ayının 24-də isə Bakıda OMON çular qiyam edən zaman onlara qarşı və qiyamın yatırılmasına qarşı mübarizə aparanlardan biri də mən olmuşam.