Mədət Quliyev

Mədət Quliyev

(27 sentyabr 1958, Gəncə, Azərbaycan SSR) — azərbaycanlı siyasətçi, general-polkovnik, polis general-mayoru və ədliyyə general-leytenantı; Azərbaycan Respublikasının müdafiə sənayesi naziri (2019-indi), Azərbaycanın 1-ci Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi (2015–2019), Azərbaycanın milli təhlükəsizlik nazirinin birinci müavini və səlahiyyətlərinin icraçısı, Azərbaycanın ədliyyə nazirinin müavini, Azərbaycanın Penitensiar Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı.

Mədət Quliyev 1958-ci il sentyabrın 27-də Gəncə şəhərində mühəndis Qəzənfər və müəllimə Zambaq Quliyevlərin ailəsində anadan olub. Mədət Quliyevin babası Stalin repressiyaları zamanı qətlə yetirilib. 1965-ci ildə Gəncə şəhərində 1 nömrəli tam orta məktəbin birinci sinfinə getmiş, 1975-ci ildə Gəncə şəhərində 8 nömrəli tam orta məktəbin onuncu sinfini bitirib.

1975-ci ildən 1980-cı ilə qədər Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil alan Mədət Quliyev, 1980-cı ildən 1982-ci ilə qədər Sovet İttifaqı Silahlı Qüvvələrinin Ermənistan və Gürcüstanda yerləşən hərbi bazaların birində həqiqi hərbi xidmətdə olub.

1971-ci ildən idmanla məşğul olan Mədət Quliyev, 1976–1980-cı illərdə sambo üzrə Azərbaycan SSR yığmasının heyətində çıxış edib və bir-sıra yarışlarda uğurlar qazanıb. Karate üzrə III dan qara Kəmərə sahib olan Mədət Quliyev, 1979-cu ildə SSRİ idman ustası normativini yerinə yetirmişdir.