Turqut Xəlilbəyli

Turqut Xəlilbəyli

(4 iyul 1993; Şərur, Azərbaycan — 7 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin tibb xidməti leytenantı, Vətən müharibəsinin şəhidi.

Turqut Xəlilbəyli 1993-cü il iyulun 4-də Şərur şəhərində anadan olub. 2010-2016-cı illərdə Azərbaycan Tibb Universitetində (ATU) ali təhsil alıb. Subay idi.

Azərbaycan Ordusunun leytenantı olan hərbi tibb qulluqçusu Turqut Xəlilbəyli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. Turqut Xəlilbəyli oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Turqut Xəlilbəyli ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Turqut Xəlilbəyli ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Turqut Xəlilbəyli ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.

(15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)
(15.12.2020) — “Azərbaycan Bayrağı” ordeni (ölümündən sonra)
(25.12.2020) — “Füzulinin azad olunmasına görə” medalı (ölümündən sonra)