Ülvü Məmmədov

Ülvü Məmmədov

(27 iyul 1997; Quba rayonu, Azərbaycan — 21 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Ülvü Məmmədov 1997-ci il iyulun 27-də Quba rayonunun Alekseyevka kəndində anadan olub.

Ülvü Məmmədov 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Ülvü Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvü Məmmədov oktyabrın 21-də Xocavənd döyüşləri zamanı şəhid olub. Quba rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvü Məmmədov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvü Məmmədov ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.

(15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)
(24.12.2020) — “Cəbrayılın azad olunmasına görə” medalı (ölümündən sonra)