Orxan Qasımov (21 yanvar 1996; Qacar, Füzuli rayonu – 27 sentyabr 2020; Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Orxan Rizvan oğlu Qasımov 21 yanvar 1996-cı ildə Füzuli rayonunun Qacar kəndindən olan məcburi köçkün ailəsində anadan olmuşdur.[1] Sakini olduğu kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra ailəsi ilə birgə Bakıya köçmüşdür. 2002–2013-cü illərdə Bakı şəhər 296 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2013-cü ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz, neft və mədən fakültəsinə daxil olmuşdur. 2017-ci ildə universiteti “neft-qaz mühəndisi” ixtisası üzrə bitirmişdir. Subay idi.
Orxan Qasımov 2017-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon üzrə Hərbi Şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, “N” saylı hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmət etmişdir. Birillik hərbi xidmətini 2018-ci ildə başa vuraraq ordudan tərxis olunmuşdur.
2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Orxan Qasımov səfərbər olunmuşdur. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılmışdır.
Azərbaycan Ordusunun əsgəri olan Orxan Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Orxan Qasımov 27 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Qasımov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Qasımov ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş Orxan Qasımov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edildi.
“Vətən uğrunda” medalı (ölümündən sonra) | “Füzulinin azad olunmasına görə” medalı (ölümündən sonra) | “Döyüşdə fərqlənməyə görə” medalı (ölümündən sonra) |
15.12.2020 | 25.12.2020 | 24.06.2021 |