Bağır Ələkbərov

Bağır Ələkbərov

(10 fevral 1995; Naxçıvan, Azərbaycan — 15 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi.

Bağır Ələkbərov 1995-ci il fevralın 10-da Naxçıvan şəhərində anadan olub.[1] 2001-2012-ci illərdə Culfa rayonunda 3 nömrəli tam orta məktəbdə təhsil alıb.

Bağır Ələkbərov 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra isə müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb və hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən “N” saylı hərbi hissəsində “gizir” hərbi rütbəsində snayper olaraq davam edib. Xidmətdə olduğu illərdə xarici dövlətlərdə olan təlimlərə göndərilib.

Bağır Ələkbərov 2018-ci il mayın 20-dən 27-nə qədər Naxçıvan MR ərazisində baş verən hərbi əməliyyatlarda savaşıb. Günnüt əməliyyatı adlandırılan hərbi əməliyyatların nəticəsində Günnüt, “Ağbulaq” strateji nöqtəsi, Qızılqaya və Qaraqaya dağları Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Bağır Ələkbərov hərbi əməliyyatlar zamanı Xüsusi Təyinatlı Qüvvələrin sıralarında olub və döyüş tapşırığını yerinə yetirib.

Azərbaycan Ordusunun giziri olan Bağır Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tehran Mənsimov tərəfindən idarə olunan qrupun heyətində olub. Bağır Ələkbərov Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və 15 yaşayış məntəqəsinin işğaldan azad edilməsində savaşıb. Bağır Ələkbərov oktyabrın 15-də Hadrut döyüşləri zamanı şəhid olub. Naxçıvan şəhərində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bağır Ələkbərov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Bağır Ələkbərov ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Bağır Ələkbərov ölümündən sonra “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.

(15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)
(18.12.2020) — “İgidliyə görə” medalı (ölümündən sonra)
(29.12.2020) — “Şuşanın azad olunmasına görə” medalı (ölümündən sonra)